KİÇİK YAŞLI UŞAQDA UZAQLAŞDIRICI SİNİRİN POSTRAVMATİK İFLİCİ VƏ SONRAKI CƏRRAHİ MÜALİCƏSİ (KLİNİK HAL)
Açar sözlər
uzaqlaşdırıcı sinirin iflici, posttravmatik çəplik, Hümmelşeyn-Rayt əməliyyatı, vertikal düz əzələ transpozisiyasıXülasə
Məqsəd – kiçik yaşlı uşaqda posttravmatik uzaqlaşdırıcı sinirin iflicinin klinik xüsusiyyətlərini təsvir etmək və Hümmelşeyn-Rayt üsulu ilə aparılan mərhələli cərrahi müdaxilənin funksional və kosmetik effektivliyini qiymətləndirmək.
2017-ci ildə sol gözün çəpgözlüyü ilə müraciət edən 4 yaşlı pasiyentə standart oftalmoloji müayinələrlə yanaşı göz dibinin müayinəsi, B-scan və gözün doqquz pozisiyasında yoxlanması aparılmışdır. Çəplik bucağı və fiksasiya mərkəzi müəyyən olunmuşdur. Atasının sözlərinə görə, 29 iyun 2017-ci il tarixində uşağın başına ağır əşya düşmüş, bundan sonra neyrocərrahiyyə klinikasına müraciət olunmuşdur. Maqnit rezonans tomoqrafiyası (MRT) müayinəsi zamanı pnevmosefaliya diaqnozu təsdiqlənmişdir.
Pleoptik müalicə ilə yanaşı, çəpgözlüyün cərrahi əməliyyatı mərhələli şəkildə həyata keçirilmişdir: I mərhələdə iki gözdə daxili düz əzələlərin resessiyası, II mərhələdə sol gözdə xarici düz əzələnin rezeksiyası və Hümmelşeyn-Rayt üsulu ilə yuxarı və aşağı düz əzələlərin hissəvi liflərinin xarici düz əzələyə köçürülməsi.
Əməliyyatdan sonra çəplik bucağı 0°-ə qədər azaldı və sol gözün xaricə baxış hərəkəti hissəvi bərpa olunmuşdur. Pleoptik müalicə görmə funksiyasının stabilizasiyasını təmin etmişdir. Pasiyentin kosmetik görünüşü və funksional göz hərəkətləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Yekun
Hümmelşeyn-Rayt üsulu ilə aparılan əzələ plastikası posttravmatik uzaqlaşdırıcı sinirin iflici olan uşaqlarda həm funksional, həm də kosmetik nəticələr baxımından etibarlı və effektiv cərrahi yanaşmadır. Bu metod pediatrik oftalmoloji praktikada oxşar klinik hallarda seçim üsulu kimi tövsiyə oluna bilər.





