XORİORETİNAL DİSTROFİYA İLƏ MÜŞAYİƏT OLUNAN PROQRESSİVLƏŞƏN MİOPİYA ZAMANI KSENOSKLEROPLASTİKANIN DOPPLEROMETRİK QİYMƏTLƏNDİRİLMƏSİ
Açar sözlər
proqressivləşən miopiya, xorioretinal distrofiya, ksenoskleroplastika, qan axının sürəti, göz arteriyası, dopplerometrik müayinəXülasə
Son dövrlərdə proqressivləşən miopiya zamanı xorioretinal distrofiyanın yayılma tezliyində artım müşahidə olunur. Ədəbiyyat məlumatlarında miopiya fonunda tor qişanın distrofiyası olan xəstələrdə hemodinamik dəyişikliklərin mexanizmi ətraflı araşdırılsa da, bu xəstəliyin konservativ müalicəsi hər zaman effektiv nəticə vermir. Prosesin proqressivləşməsini stabilləşdirən cərrahi üsullardan biri də ksenotransplantasiya üsuludur. Məqsəd – ağır xorioretinal distrofiya ilə proqressivləşən miopiya zamanı göz arteriyası sistemindəki hemodinamik göstəricilərin dinamikası əsasında ksenoskleroplastikanın effektivliyini qiymətləndirmək.
Material və metodlar
Klinik tədqiqatlara proqressivləşən miopiya fonunda xorioretinal distrofiyası olan 46 xəstə (86 göz) cəlb olunmuşdur. Pasiyentlər iki qrupa bölünmüşdür: nəzarət qrupu – yalnız konservativ müalicə alan 10 nəfər (16 göz), əsas qrup isə ksenoskleroplastika əməliyyatı icra edilmiş 36 nəfər (70 göz). Tədqiqata daxil edilən xəstələrin yaşı 12-43 arası dəyişmiş, miopik refraksiya dərəcəsi isə (-) 9.0 D ilə (-) 22.0 D arasında olmuşdur. Standart oftalmoloji müayinələrlə yanaşı, Dopplerometrik müayinə ilə göz arteriyası, tor qişanın mərkəzi arteriyası və qısa arxa siliar arteriyalarda qan axınının xətti sürəti (QAXS) qiymətləndirilmişdir. Göstəricilərin müqayisəli təhlili 1 il ərzində – əsas qrupda ksenoskleroplastikadan əvvəl və sonra, nəzarət qrupunda isə konservativ terapiyadan əvvəl və sonra aparılmışdır.
Nəticələr
Xorioretinal distrofiya ilə müşaiyət olunan proqressivləşən miopiya zamanı gözün qan dövranının dinamik tədqiqi, ksenoskleroplastikadan sonra qan axını sürətinin orta hesabla 2 sm/san artmasını aşkar etmişdir ki, bu da görmə funksiyalarının stabilləşməsinə və yaxşılaşmasına zəmin yaradır. İnteqrasiya olunmuş ksenotransplantat ətraf toxumalarda yerli iltihabi reaksiya yaratmaqla hemodinamikanın güclənməsinə, nəticədə göz arteriyası sistemində qan axını sürətinin artmasına şərait yaratmışdır. Bu proses, öz növbəsində, tor qişa və görmə siniri səviyyəsində mikrosirkulyasiyanın əhəmiyyətli dərəcədə yaxşılaşması ilə nəticələnmişdir.
Yekun
Ağırlaşmış xorioretinal distrofiya ilə müşayiət olunan proqressivləşən miopiya zamanı ksenoskleroplastika tor qişanın distrofik dəyişikliklərini stabilləşdirən effektiv bir üsuldur. Bu zaman, göz arteriyası sistemində qan axını sürətinin Dopplerometrik müayinəsi icra edilən cərrahi müalicənin effektivliyini qiymətləndirməyə imkan verən obyektiv meyar hesab olunur.





