MÜXTƏLİF YAŞ QRUPLARINDA PİQMENTLİ RETİNİTİN MƏRHƏLƏLƏRİNƏ GÖRƏ OPTİK KOHERENS TOMOQRAFİYA VƏ ULTRASƏS B-SCAN GÖSTƏRİCİLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

Açar sözlər

piqmentli retinit, yaş qrupları, optik koherent tomoqrafiya, ultrasəs B-scan

Xülasə

Məqsəd – müxtəlif yaş qruplarında piqmentli retinitin (PR) mərhələlərinə görə struktur dəyişikliklərinin qiymətləndirilməsində optik koherens tomoqrafiyanın (OKT) və ultrasəs B-scan müayinəsinin diaqnostik imkanlarını öyrənmək.

Material və metodlar
Piqmentli retinit diaqnozu ilə 74 pasiyent (148 göz) müayinəyə daxil edilmişdir. Pasiyentlər yaşa görə 3 qrupa ayrılmışdır. Distrofik prosesin ağırlıq dərəcəsinə görə PR-nin 3 mərhələsi ayrılmış, hər bir qrupda olan pasiyentlər isə 3 yarımqrupa bölünmüşdür. I yarımqrupa xəstəliyin başlanğıc mərhələsində olan pasiyentlər, II yarımqrupa orta ağırlıq dərəcəli mərhələsində olanlar, III yarımqrupa isə PR-nin ağır mərhələsində olan pasiyentlər daxil edilmişdir. Bütün pasiyentlərdə rutin oftalmoloji, eləcə də əlavə instrumental müayinələr aparılmışdır. OKT müayinəsi Topcon (Yaponiya) firmasının 3D OCT-1 Maestro2 aparatında, ultrasəs B-scan müayinəsi 15 MHz zondla təchiz olunmuş Quantel Medical (Fransa) firmasının Compact Touch A/B skaner aparatında icra olunmuşdur.

Nəticələr
Bütün yaş qruplarında OKT nəticələrinə görə PR-nin başlanğıc mərhələsində mərkəzi retinal qalınlıq (MRQ) göstəricisi kontrol qrupun göstəricisi ilə uyğun olmuşdur. II və III yarımqrup pasiyentlərində MRQ statistik etibarlı aşağı olmuşdur, xüsusilə də III yarimqrup pasiyentlərdə. Belə ki, I qrup III yarımqrupda MRQ 126 ± 11 μm, II qrup III yarımqrupda MRQ 119 ± 7 μm, III qrup III yarımqrupda MRQ 101 ± 15 μm olmuşdur. Keyfiyyət dəyişiklikləri baxımından bütün yaş qruplarında I yarımqrupda tor qişa qatı normal strukturunda izlənilirdi, ellipsoid zona (EZ) ümumilikdə qorunmuşdur, II yarımqrupda tor qişa qatında orta dərəcəli incəlmə müşahidə edilirdi, EZ qismən qorunmuşdur, III yarımqrupda tor qişa qatlarında ciddi incəlmə izlənilirdi, EZ-nin əksəriyyəti itmişdir.

B-scan nəticələrinə əsasən şüşəvari cisimdə (ŞC) müxtəlif dərəcəli dəyişikliklər aşkar edilmişdir. Bütün yaş qruplarında I yarımqrup pasiyentlərdə exoqrafik olaraq ŞC dəyişiksiz olmuşdur. II yarımqrup pasiyentlərində ŞC-də müxtəlif həcmdə xırda dispers çöküntülər izlənilmişdir, arxa hialoid membranın qopması (AHMQ) I qrup pasiyentlərdə 10 nəfərdən 7-də (70%), II qrup pasiyentlərdə 12 nəfərdən 10-da (83,3%), III qrup pasiyentlərdə 10 nəfərdən 8-də (80%), arxa hialoid membranın (AHM) qalınlaşması I qrup pasiyentlərdə 10 nəfərdən 2-sində (20%), II qrup pasiyentlərdə 12 nəfərdən 2-də (16,7%), III qrup pasiyentlərdə 10 nəfərdən 3-də (30%) müşahidə edilmişdir. III yarımqrup pasiyentlərdə ŞC-də xırda dispers çöküntülər əsasən diffuz olaraq vizualizə edilmişdir. AHMQ bütün hallarda vizualizə edilmiş, AHM-nın qalınlaşması I qrup pasiyentlərdə 7 nəfərdən 4-də (57,2%), II qrup pasiyentlərdə 10 nəfərdən 7-də (70%), III qrup pasiyentlərdə 7 nəfərdən 5- də (71,4%) müşahidə edilmişdir.

Yekun
Piqmentli retinit diaqnozlu pasiyentlərdə xəstəliyin gedişatının və müalicə tədbirlərinin effektivliyinin təyini üçün müasir və qeyri-invaziv vizuallaşdırma üsullarından olan OKT və ultrasəs B-scan müayinələrinin aparılması dəqiqliyinə və informativliyinə görə dəyərlidir, PR-nin monitorinqində diaqnostik və proqnostik əhəmiyyət kəsb edir. Beləliklə, PR zamanı distrofik prosesin ağırlığını dəyərləndirmək, dinamik müşahidə aparmaq, müalicənin effektivliyini qiymətləndirmək məqsədilə OKT və ultrasəs B-scan müayinə metodları tətbiq edilə bilər.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

02.04.2026

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Məmmədzadə A.N. et al. 2026. MÜXTƏLİF YAŞ QRUPLARINDA PİQMENTLİ RETİNİTİN MƏRHƏLƏLƏRİNƏ GÖRƏ OPTİK KOHERENS TOMOQRAFİYA VƏ ULTRASƏS B-SCAN GÖSTƏRİCİLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ. Azərbaycan Oftalmologiya Jurnalı. 18, 56 (Apr. 2026), 65–73.
Article Footer

Oxşar məqalələr

21-30 : 353

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.