NEOVASKULYAR QLAUKOMA: ŞƏKƏRLİ DİABETİN TƏZAHÜRÜ KİMİ (ƏDƏBİYYAT İCMALI)
Açar sözlər
neovaskulyar qlaukoma, diabetik retinopatiya, şəkərli diabetXülasə
Neovaskulyar qlaukoma (NVQ) qüzehli qişada neovaskulyarizasiya və ön kamerada fibrovaskulyar toxumanın inkişafı ilə xarakterizə olunan ikincili qlaukomanın bir formasıdır və adətən zəif görmə ilə proqnozlanır. NVQ diabet populyasiyasının çoxalması səbəbindən artmağa davam edir. Qüzehli qişada və ön kamera bucağında neovaskulyarizasiyanın yaranması maye axını drenajına mane olur və göz daxili təzyiqin (GDT) artmasına gətirib çıxarır. Proliferativ diabetik retinopatiya (PDR) və mərkəzi retinal venanın okkluziyası gözün arxa seqmentinin işemiyasının əmələ gəlməsində ən çox yayılmış səbəblərdəndir. Neovaskulyarizasiyanın rast gəlməsinin əsas səbəbi PDR xəstələrinin artımıdır. NVQ-nın qarşısını almaq və görmə qabiliyyətini qoruyub saxlamaq üçün erkən diaqnoz və aqressiv müalicə çox vacib nüanslardandır. Bu araşdırmanın məqsədi diabetik retinopatiya (DR) zamanı yaranan ikincili NVQ-nın epidemiologiyası, patogenezi, klinik təzahürləri, diaqnostikası və müasir müalicə üsullarını təhlil etməkdir.