GÖRMƏ PATOLOGİYASI OLAN GƏNC KİŞİLƏRDƏ REFRAKSİYA QÜSURLARININ RASTGƏLMƏ TEZLİYİ VƏ KLİNİKİ–EPİDEMİOLOJI XÜSUSİYYƏTLƏRİNİN TƏHLİLİ
Açar sözlər
refraksiya qüsurları, rastgəlmə tezliyiXülasə
Məqsəd - 16-35 yaşlı gənc kişilər arasında refraksiya qüsurlarının rastgəlmə tezliyinin, kliniki- epidemioloji xüsusiyyətlərinin öyrənilməsi və təhlili.
Material və metodlar
Tədqiqat akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçən gənclər
arasında aparılmışdır. Hazırki tədqiqatda populyasiya həcminə uyğun olaraq 930 görmə patologiyası
olan gəncin məlumatları təhlil edilmişdir.
Müayinə korreksiyasız və korreksiya ilə görmə itiliyinin təyini, gözün hərəki apparatının müayinəsi,
sikloplegiyadan əvvəl və sonra obyektiv refraksiyanın təyini, yarıqlı lampa ilə gözün ön və arxa
seqmentinin müayinəsi və göz dibinin oftalmoskopiyası şəklində həyata keçirilmişdir. Sikloplegiyadan
sonra təyin edilmiş obyektiv refraksiyanın dərəcəsi hər hansı bir gözün əsas meridianlarının şüasındırma
gücünün nəticəsinə uyğun təyin edilmiş, müvafiq olaraq qruplara bölünmüşdür.
Nəticə
Alınan nəticələrə əsasən 648 (69,6%) gəncdə müxtəlif refraksiya qüsurları aşkar edilmişdir ki,
onlardan 61,1% miopiya, 23,8% hipermetropiya, 15,1% qarışıq astiqmatizm təşkil etmişdir. Miopik
refraksiya qrupundakı gənclərin 47%-də yüksək dərəcəli miopiya müşahidə olunmuşdur. Eyni
zamanda miopiyanın ən çox yayılması Bakı şəhəri üzrə müşahidə olunmuşdur. Alınan nəticələrın təhlili
göstərmişdir ki, miopiya və hipermetropiya qrupunda zəif dərəcəli astiqmatizm üstünlük təşkil etmiş,
qarışıq astiqmatizm çox hallarda orta və yüksək dərəcədə təzahür etmişdir. Anizometropiyanın ən çox
dərəcəsi qarışıq astiqmatizm olan gözlərdə müşahidə edilmişdir (13,3%). Yüksək dərəcəli ambliopiya
ən çox hipermetropiya refraksiyası ilə müşahidə olunmuşdur. Burada hipermetropiya monokulyar
ambliopiyanın yaranmasında üstünlük təşkil etsədə (57%), binokuyar ambliopiyaya ən çox qarışıq
astiqmatizm hallarında rast gəlinmişdir (64,3%).
Yekun
Refraksiya qüsurları görmə orqanı patologiyası üzrə gənclər arasında ilk yeri tutmaqdadır və
alınan nəticələr həmin patolologiyanın erkən aşkarlanması, korreksiyası və əsaslı dispanser müşahidənin
labudlüyünü isbat edir.