BİZİMLƏ ƏLAQƏ

AZ 1114, Bakı ş.,
Cavadxan küç., 32/15
Akademik Zərifə Əliyeva adına
Milli Oftalmologiya Mərkəzi
------------------------------

Tel: +994 12 596 09 47
+994 12 596 09 70
Faks: +994 12 492 80 08
Web: http://www.eye.az
Email:  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

about_clinic

2005-ci ilin noyabr ayından instituta tibb elmləri doktoru E.M.Qasımov başçılıq edir. Yeni vəzifəsində işinin ilk günündən o, institutunun kollektivi qarşısında Cənubi Qafqaz regionunda yeganə olan elmi-tədqiqat oftalmoloji müəssisənin fəaliyyətinin səviyyəsini Avropada və dünyada qəbul edilmiş standartlara yaxınlaşdırılmaq kimi çətin bir məsələ qoymuşdur. Respublikanın digər, xüsusilə də özəl oftalmoloji müəssisələri tərəfindən göstərilən sərt rəqabət şəraitində E.M.Qasımov qarşıya qoyulmuş bu niyyətə doğru sarsılmaz bir əzmlə irəliləyir.

Milli oftalmologiya sahəsində aparıcı rolunu, bütün şöbələrində göz xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşmaların və üsulların, yeni texnologiyaların tətbiqinin genişlənməsini nəzərə alaraq, institutun strukturu yeniləşdirilib, şöbələrin əhəmiyyəti yüksəldilib və onlara mərkəz statusu verilib. Beləliklə, hal-hazırda institutda qlaukoma mərkəzi, tor qişanın və görmə sinirinin patologiyası mərkəzi, refraksiyanın patologiya və oftalmoerqonomika mərkəzi, gözün zədəsi, plastik və rekonstruktiv cərrahiyyəsi mərkəzi, uşaqlarda gözün patologiyası mərkəzi, gözün infeksiya xəstəlikləri və buynuz qişanın cərrahiyyəsi mərkəzi, büllurun patologiyası mərkəzi, refraksiya cərrahiyyəsi mərkəzi, gözün lazer cərrahiyyəsi və elmi-tədris mərkəzi, göz xəstəliklərinin funksional və laborator diaqnostikası mərkəzi və b. fəaliyyət göstərir.

Bu elmi, təcrübi və metodik mərkəzlər oftalmologiyanın hər sahəsində ən qiymətli təcrübəni inkişaf etdirmək və yenilikləri tətbiq etmək üçün bütün texnoloji imkanlara malikdir. Ölkəmizin oftalmoloqları yüksəkixtisaslı elmi tövsiyə, təcrübi yardım və metodik məsləhət almaq üçün buraya hər vaxt müraciət edə bilərlər.

Bütün oftalmoloqlar bilir ki, Bakıda müasir Oftalmoloji Mərkəzin yaradılması akademik Zərifə xanım Əliyevanın bəslədiyi arzularından biri idi. Vaxtılə Zərifə xanım və Prezident Heydər Əliyev bu arzunun həyata keçirilməsi üçün böyük səy göstərmişlər. Hazırda həmin arzu gərçəkləşib.

Bu çətin işdə Mərkəzə qiymətə gəlməz bir yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti xanım Mexriban Əliyeva və Səhiyyə naziri cənab Oqtay Şirəliyev göstərirlər.

Mərkəz üçün yüksək keyfiyyətli, dünya səviyyəli cərrahi mikroskoplar (videokamera və monitor ilə təchiz olunmuş LEİKA-2, ZEİSS və TERA-21 cərrahi mikroskoplar), kataraktanın müasir səviyyədə ekstraksiyası və arxa vitrektomiya üçün ABŞ-nın Bauch-Lomb firmasının «Millenium» fakoemulsifikasiya aparatı, yeni, müxtəlif növlü lazer qurğuları, kompyuter perimetri, «Reichert AT-555» kontaktsız tonometr, ACCUREF-K «SHİN-NİPPON–900» avtokeratorefraktometr, tor qişanın və görmə sinirinin xəstəliklərinin diaqnostikasının dəqiqliyini artıran respublikada yeganə olan optik koherent tomoqraf, müasir steriləedici avadanlıq alınıb və işə salınıb. Burada, oftalmologiya sahəsində bütün texniki yeniliklərin tətbiqi nəticəsində elmi tədqiqatların və müalicə prosesin dünya oftalmologiyasında qəbul olunmuş səviyyəsinə yüksəldilməsi məsələsinin həll edilməsi üçün hər bir şərait yaradılıb. Kompleksin istifadəyə verilməsi ilə Azərbaycanda oftalmoloji xidmət inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını tətbiq etməklə keyfəyyətcə yeni bir mərhələyə qədəm qoydu. Həmvətənlərimizə yüksək ixtisaslı oftalmoloji yardım üçün digər ölkələrə getməyə belə ehtiyac olmayacaq.

Səhiyyə Nazirliyi tərəfindən dəstəklənmiş Mərkəzin rəhbərliyinin səyi nəticəsində Milli Oftalmologiya Mərkəzində Cənubi Qafqaz regionunda yeganə olan cərrahi təlim mərkəzi – VETLAB yaradılıb və Alkon firmasının tərəfindən ən müasir avadanlıqla təchiz olunub. Burada oftalmomikrocərrahiyyənin müasir üsullarına, o cümlədən kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası cərrahi metoduna yiyələnmək üçün hər bir yüksək səviyyəli şərait təşkil edilib. Öz ixtisasını yüksəltməyə çalışan bütün cərrahlar üçün VETLABın qapısı açıqdır. İnstitutun bir neçə cərrahı burada hazırlıq keçib, kataraktanın fakoemulsifikasiyası üsuluna yiyələnib, hazırda bu cərrahi əməliyyatı həmin üsulla aparırlar.

İnstitutun fəaliyyəti dövründə onun əməkdaşları tərəfindən 2193 elmi əsər dərc olunmuşdur – onların arasında 11 monoqrafiya, 70 metodik tövsiyə, 238 səmərələşdirici təklif vardır, 32 müəllif şəhadətnaməsi və ixtira üçün prioritet əhəmiyyətli 21 patent alınmışdır. Aspirantura, ordinatura, internatura və s. vasitəsilə yüzlərlə ixtisaslı elmi və praktik kadrlar hazırlanmışdır. İlk dövrlərdə institutda yalnız 2 tibb elmləri namizədi var idi. İnstitutun tarixi ərzində 15 tibb elmləri doktoru və 95 tibb elmləri namizədi hazırlanmışdır. Hal-hazırda institutun elmi əməkdaşları arasında 1 professor, 3 tibb elmləri doktorları və 43 tibb elmləri namizədi çalışır.

İnstitutun elmi-tədqiqat işlərinin nəticələri respublikanın bütün oftalmoloqlarının iştirakı ilə hər il keçirilən yekun konfranslarında müzakirə edilir. Əldə edilmiş elmi-tədqiqat işlərin nəticələrinin təcrübədə tətbiq olunması üçün təkliflər verilir. Həmin nəticələr institutun əsərlər toplusu, monoqrafiyalar, metodik tövsiyələr, məcmüələr şəkilində dərc edilir.

Azərbaycan Milli Elmi Akademiyasının 2005-ci ildəki fəaliyyəti haqda hesabatında nəzərə çarpan nailiyyətlər arasında institutun iki elmi-tədqiqat işi qeyd olunub:

  • t.e.d. E.M.Qasımov, t.e.n. F.Ə.Qədimova, A.C.Əhmədova, C.S.Orucova və S.H.Cəlilova tərəfindən tərtib edilmiş «Qlaukomanın müasir müalicə üsulları» kitabında ümumiləşdirilmiş qlaukomanın konservativ müalicəsində istifadə olunan müalicə üsulları (zəfəran məhlulun istifadəsi, maqnitostimulyasiya və digər patentləşdirilmiş üsullar);
  • Avrasiya Patent Birliyinin beynəlxalq patentinə layiq olmuş t.e.d.K.T.Kərimov, b.e.d. H.İ.Cəfərov, t.e.n. F.S.Qəhrəmanov tərəfindən tərtib edilmiş «Göz yanıqlarının patogenezi, reanimasiya və antioksidativ terapiyasının əsas üsulları»

Mərkəz hər il göz xəstəlikləri, travmatizm və əlilliyin azaldılmasına və onların profilaktikasına yönəldilmiş tədbirlər görür. Respublikanın səhiyyə orqanları və müəssisələrinə elmi-praktik və təşkilati-metodik yardım göstərir, oftalmologiyanın müxtəlif problemlərinə aid seminarlar və dekadniklər keçirir.

2006-2010-cu illlərdə Mərkəzin yeni elmi istiqamətini Azərbaycanın ekoloji və təbii amillərinin orqanizmə təsir mexanizminin öyrənilməsi, yeni dərman preparatlarının, kompleks müalicə və reabilitasiya üsullarının işlənib hazırlanması təşkil edəcək.

Bu istiqamət üzrə «Azərbaycanda geniş yayılmış göz xəstəliklərinin profilaktikası və müalicəsi» problemi həll olunacaq və onun çərçivəsində 5 elmi mövzu üzərində elmi tədqiqatlar aparılacaq:

  • uşaqlarda yaxındangörmənin və iltihabi göz xəstəliklərinin epidemiologiyası, müalicəsi və profilaktikası;
  • Azərbaycanda yaşlılarda büllurun patologiyası nəticəsində əmələ gələn zəifgörmənin və korluğun epidemiologiyası, xüsusiyyətlərinin tədqiqi, ikincili kataraktanın patogenezi, profilaktikası, lazer dissiziya və ilkin kapsuloreksis metodları ilə müalicəsi;
  • gözün ön hissəsinin travma mənşəli xəstəliklərinin epidemiologiyasının tədqiqi və tibbi-sosial amillərininin qiymətləndirilməsi, gözün ön hissəsi və damarlı yolunun iltihabi xəstəlikləri zamanı ekstrakorporal korreksiyanın effektivliyinin öyrənilməsi;
  • gözün optik sistemi xəstəliklərinin fəsadlarının profilaktikası, kompleks müalicəsi və fiziki-kimyəvi mexanizmlərin tədqiqi: diabetik katarakta zamanı, makulyar və paramakulyar ödemin kompleks müalicəsinin effektivliyinin öyrənilməsi, kataraktanın fakoemulsifikasiyasının fəsadlarının profilaktikası və müalicə üsullarının işlənilməsi, hemoftalm zamanı şüşəvari cisimdəki fiziki-kimyəvi dəyişikliklərin öyrənilməsi;
  • gözün arxa hissəsinin hipoksik, distrofik xəstəliklərinin və qlaukomatoz optik neyropatiyanın müxtəlif (medikamentoz, lazer, fiziki) metodları ilə müalicəsinin effektivliyinin öyrənilməsi: retinovaskulitlərin elektrofizioloji və flüoressent angioqrafiya üsulları ilə diaqnostikası, klinikasının və müalicəsinin effektivliyinin öyrənilməsi.

Mərkəzdə müxtəlif göz patologtyasına tutulmuş xəstələrə, o cümlədən uşaqlara, yüksəkixtisaslı oftalmoloji yardım göstərilir, qlaukomanın konservativ, cərrahi və lazer müalicə üsulları tətbiq olunur, müxtəlif növ müasir süni optik linzaların implantasiyası və fakoemulsifikasiya üsulları ilə aparılan kataraktanın cərrahi müalicəsi, anadangəlmə patologiya və zədə nəticəsində əmələ gələn göz almasının anatomik strukturlarının pozuntuları zamanı keratoplastika və digər optik-rekonstruktiv cərrahi əməliyyatlar, tor qişanın qopması və görmə üzvünün yenitörəmələri zamanı cərrahi əməliyyatlar, gözün virus və digər mənşəli iltihabi patologiyasının konservativ və cərrahi müalicəsi, gözün müxtəlif, xüsusilə hipertoniya xəstəliyi və şəkərli diabet mənşəli, sinir-damar patologiyasının müalicəsi, görmə üzvünün optik qüsurlarının korreksiyaedici konservativ və cərrahi müalicəsi aparılır, müxtəlif göz xəstəliklərinin lazer müalicəsinin üsulları geniş tətbiq edilir.

İnstitutun əməkdaşları öz peşə ixtisaslarını daima yüksəldirlər, dünyanın qabaqcıl oftalmoloji müəssisələrində, o cümlədən Rusiya, Türkiyə, Almaniyanın oftalmoloji mərkəzlərində yeni texnologiyalara və üsullara yiyələnib institutda tətbiq edirlər.

Mərkəzin fəaliyyəti dövründə klinikasında respublikamızın şəhər və rayonlarından gələn yüz minlərlə xəstəyə yüksəkixtisaslı xidmət göstərilmişdir, onların əksəriyyəti cərrahi yardım almışdır.

Mərkəzin hazırki kollektivi qarşısına qoyulmuş məsələlərin vacibliyini yaxşı başa düşür və gələcəkdə də institutun maddi-texniki bazasının və oftalmoloji xidmətin yaxşılaşdırılması, maddi və kadr ehtiyatlarının səmərəli istifadəsi, tibb elminin nailiyyətlərini tezliklə təcrübədə tətbiq edilməsi, respublikanın əhalisi arasında göz xəstəliklərinin və görmə üzrə əlilliyin azalması, aparılan elmi tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi, əhalinin sağlamlığının möhkəmləndirilməsi, oftalmologiyanın inkişafı və təkmilləşməsi üçün əlindən gələni əsirgəməyəcək.